Ürək... Ürək... (film, 1976)
Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur.
Əsərin qəhrəmanı Muradın (Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin (Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya (Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir.
Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır
Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.